BLOQ

Gənc qadınlar xərçəngdən ölməsin…

date 27 Yanvar 2020

Gənc qadınlar xərçəngdən ölməsin…

Həkimlik həyatında bir çox üzücü hadisələrlə qarşılaşırıq. Belə hadisələri dəfələrlə gördüyümüz üçün, emosiyalarımızda bir növ müqavimət yaranır. Ancaq gənc birində xərcəng xəstəliyi görəndə dərin bir üzüntü duyuram, belə hallarla dəfələrlə qarşılaşmağıma baxmayaraq.

Sizə bir olmuş əhvalat danışım. 2015 ci ildə İsraildə çalışdığım xəstəxanada 60 yaşlı bir qadın yumurtalıq xərçəngindən əməliyyat olundu. Əməliyyat sonrası xəstəyə daha effektiv müalicə vermək üçün bir neçə genetik analiz edildi. Xəstədə BRCA-1 adlı gendə mutasiya aşkarlandı. Xəstəmizin 42 yaşlı bir qızı var idi. Qızına məsləhət gördük ki, o da bu mutasiya ilə bağlı analiz versin. Eyni şəkildə qızın da BRCA-1 genində mutasiya aşkarlandı.

Nədir BRCA gen mutasiyası?

BRCA geni bizim genetik xəritəmizdə mövcud olan genlərdən biridir. Bu genin xüsusiyyəti odur ki, BRCA geni insan vücudunda şiş xəstəliklərinin önlənməsində önəmli rol oynayır.

BRCA genində olan bir dəyişiklik, mutasiya şiş xəstəliklərinin riskini artırır. Özəlliklə qadınlarda süd vəzisi xərcəngi və yumurtalıq xərçəngi…

Yaxın qohumlarında yumurtalıq və yaxud süd vəzisi xərçəngi olan xanımların bir ginekoloq və ya mammoloqa müraciət etmələri məsləhət görülür. Həkimlə konsultasiya sonrası əgər lazımdırsa, xəstə genetik konsultasiya üçün yönləndirilə bilər.
Gəlin qayıdaq xəstəmizin qızına- həmin o gənc xanıma. Biz gənc xanıma gələcəkdə yumurtalıq xərcəngi olmasın deyə yumurtalıq və borularının çıxarılması əməliyyatını məsləhət gördük. Xanımın 2 uşağı var idi. Məsləhətimizi qəbul etmədi. 2018 ci ildə şöbəmizə 3-cü mərhələdə yumurtalıq xərçəngi diagnozu ilə müraciət etdi, əməliyyat oldu, aylarca kemoterapiya müalicəsi aldı. Bir həftə öncə həmin xanım şöbəmizdə vəfat etdi. Artıq xəstəlik təkrarlamışdı və edilə biləcək bir şey yox idi.
Niyə yazdım bu yazını?

Gənc qadın anadır, övladına dünyanı öyrədir. Gənc qadın bacıdır sirrini paylaşdığın. Gənc qadın sevdiyin qadındır, hisslərini paylaşdığın. 

Xərcənglə mübarizə aparan bütün gənc qadınlara ən içdən diləklərimlə səbr və şəfa arzu edirəm.

Əhməd Namazov – Cərrah-Ginekoloq