BLOQ

İştahsız uşaq: İştahsızlığın səbəbləri

date 22 Oktyabr 2020

İştahsız uşaq: İştahsızlığın səbəbləri

Bir çox ailə uşaqlarının az yemək yeməsindən, iştahsız olmasından və ona görə də sağlam böyüməyəcəyindən narahat olur. Uşağın az yeməsi, seçici qidalanması ya da arıq olması onun sağlam olmadığı demək deyildir. Amma nəzərə alınmalıdır ki, bir çox ciddi xəstəliklər də iştahsızlığa səbəb ola bilər. Ona görə iştahsız uşaqlar həkim tərəfindən müayinə olunmalı və ciddi xəstəliklər inkar olunmalıdır.

Bir çox valideyn uşağının iştahsız olduğunu qeyd edir. İştahsızlıq valideynlər tərəfindən ən çox aşağıdakı kimi təsəvvür edilir:

Uşaqlarının çox az yeməsi;

Seçici qidalanması;

Özü yemək yemədə çətinlik çəkməsi və ya yavaş yeməsi;

Yeməkdən imtina etmə;

Qəribə  yemə adətlərinin olması.

Bu cür problemlər uşaqların 25-50 faizində müşahidə edilir. Fizioloji ehtiyacları normal olan, normal böyüyən və qida çatışmazlığı əlamətləri olmayan hər bir uşaq normal iştahı olan uşaq qəbul edilə bilər. İştahsız qəbul edilən uşaqların az qismində  ciddi olaraq yemədən imtina, qusma, çəki itkisi və ya çox az çəki artımı kimi əlamətlərlə müşahidə edilir. Belə yemə pozğunluqları sonrakı illərdə davranış pozuntularına, anoreksiyaya (iştahın olmaması), mental geriliyə (əqli gerilik), nevroza və bulimiyaya (öküz iştahası) səbəb olur.

İştahsızlığın səbəbləri hansılardır?

Valideynlər uşaqları yaxşı qidalanmadıqda, böyümə inkişafda ləngimə olduqda və ya kifayət qədər yemədiyini hiss etdikdə həkimə müraciət edirlər.  Normal böyümə inkişafı olan uşaqların 30%-də, böyümə inkişaf problemi olan uşaqların isə 80% də iştah problemləri rastlanır. İştahsızlığın səbəbləri əsasən orqanik və ya non orqanik yəni psixolojik olmaqla 2 qrupa bölünür. Orqanik xəstəliklər dedikdə anadangəlmə ürək anomaliyaları, nevroloji problemlər, endokrin xəstəlikləri, xronik infeksion (yoluxucu) xəstəliklər, sidik yolu infeksiyaları, qastroezofagial refluks, malabsorbsiya problemləri, kistik fibroz, qan azlığı-dəmir çatışmazlığı, sink çatışmazlığı, udma problemləri, allergik xəstəliklər (qida allergiyaları) xəstəliyi kimi səbəblər buna aiddir. Bu səbəblər iştahsızlıq uşaqların çox az qismində müşahidə edilir. İştahsızlıq uşaqların yalnız 25%- də görülür. Psixoloji olaraq müşahidə edilən iştahsızlıqlarda isə çox vaxt ailədə və ya ana-övlad arasında münasibət problemlərinə, məcburi qidalandırılma, gecə yemək vermə, təzyiq göstərmək, mexanik qidalandma (yemək saatındır yeməlisən),  stresli mühüt kimi problemlərə bağlıdır. Bəzən yaşa uyğun olmayan diet iştah itkisinə (iştahsızlıq) səbəb ola bilər. İştahsızlıq hər yaş qrupunda xüsusən 1-6 yaş arası daha sıx müşahidə edilir. 6-36 ay arası körpələrdə görülən orqanik səbəbi olmayan qida rəddi infantil anoreksiyadır. Qidalanma zamanı boğulma təhlükəsinin olması uşaq üçün sarsıdıcı ola bilər və kəskin olaraq qidadan imtina edə bilər. Bu hal valideynlərə də neqativ təsir göstərə, yemək yedizdirmək çox stresli bir hal ala bilər. 

İştahsız olan körpə və uşaqlarda əlamət və şikayətlər hansılardır?

Körpələrdə

Zəif və qısa müddətli əmmə;

Əmmədən imtina və ağlama;

Başını arxaya atma, narahatlıq və yuxu problemləri;

Üzünü büzmə, öyümə, qusma;

Kifayət qədər çəki ala bilməmə və ya çəki itkisi.

Böyük uşaqlarda

Az yemək yeyərək, yemək masasından tez qalxmaq;

Yeməmək üçün başını çevirmək və ya ağzını bərk sıxmaq;

Ağlamaq, yeməyi tökmək, qaşığı -çəngəli atmaq;

Yeməyi ağızda saxlamaq, öyürmə və ya qusma;

Maye, püre və ya qatı qidalardan imtina;

Tərəvəz yeməmək;

Bəlli rəngdə, qoxuda və ya qatılıqda qidaları yeməmək;

Aclıq hiss etməmək və yalnız bəlli qidaları yeməkdə israr etmək;

Kifayət qədər çəki ala bilməmək və ya çəki itkisi.

İştah yemə problemləri ehtiyac olarsa uşaq qastroenteroloqu, dietoloq, psixoloq-psixiatrist və fizioterapevt birgə xəstəni müayinə etməli və müalicə təyin olunmalıdır.

İştahsız, yemə problemləri olan uşaqlar 6 kateqoriyada sinifləndirilir:

Yemək seçən uşaq;

İştahsız kimi olan normal uşaq;

İştahsız və hərəkətli uşaq;

Yeməkdən qorxan uşaq;

İştahsız və qapalı uşaq;

Xəstəliyə görə iştahsız olan uşaq.

Yemək seçən uşaq- müəyyən qidaları yemir. Əgər yemək üçün məcbur edilsə, ağlayır və qışqırır. Belə uşaqlar məcbur edilməməli, onların bu cür yeməklərə marağı yaradılmalıdır. Əgər uşaq yeməyi sevmirsə, müxtəlif aralıqlarla və formada təkrar verilməlidir.

İştahsız kimi görünən normal uşaq- ehtiyac olduğu qədər yemək yeyən sağlam uşaqdır. Sevdiyi və sevmədiyi yeməklər olan bu uşaq tipi valideyni tərəfindən yeməyə məcbur edilir və başqa uşaqlarla müqayisə edilərək iştahsız kimi dəyərləndirilir.

İştahsız və hərəkətli uşaq yeməyə qarşı maraq göstərmir və çox tez doyurlar. Diqqət defisiti olan bu uşaqlar yemək yeməyi tez qurtarmaq və başqa fəaliyyətləri ilə məşğul olmaq istəyirlər. Bu uşaqlarda əsas olaraq yemək ritualını inkişaf etdirməli və diqqət defisiti müalicə olunmalıdır.

Yemək yeməkdən qorxan uşaq yemək yeməyə müqavimət göstərir, ağlayır və ağzını açmır. Bu uşaqlarla mərhələli şəkildə məşğul olunmalı, yemək vərdişi öyrədilməlidir.

Xəstəliyə görə iştahı olmayan uşaq xəstəlik aradan qalxdıqdan sonra yemək yemə problemi də avtomatik ortadan qalxır.

İştahsız və qapalı (daxilinə qapalı) olan əsas səbəb psixolojidir. Bura ana- ata ayrılığı və ya uşağa vaxt ayırılmamağı, ona maraq göstərilməməyi aiddir. Yeməyin forması, yemək saatı da iştaha təsir göstərən amillərdəndir. 

Bəs iştahsız uşağa yanaşma necə olmalıdır?

Bu barədə növbəti yazıda.

 

Nərmin Əzizova- Mütəxəssis pediatr