XƏBƏR

Körpələrdə çəki artımı necə hesablanmalıdır?

date 20 Noyabr 2020

Körpələrdə çəki artımı necə hesablanmalıdır?

Körpələrin sağlam inkişafını göstərən amillərdən biri də boy və çəki artımıdır. Bu, hər bir ailədə daim nəzarətdə olmalıdır. Uşaq doğulandan etibarədən həm çəki, həm də boyla bağlı qeydlərin aparılması vacibdir. Körpələrdə çəki artımı necə hesablanmalıdır? Hesablama zamanı ən çox nələrə diqqət olunmalıdır?

e-tibb.az çəki artımının necə hesablanması barədə pediatr, ana südü məsləhətçisi Aysel Hacıağayevanın tövsiyələrini təqdim edir:

Əgər körpəniz tək ana südü ilə qidalanırsa, çəki artımı hər ay ən azı 500 qram (həftəyə 125 qram) olmalıdır. Yəni bu halda körpəyə ana südü kifayət etdiyini əminliklə demək olar. Artımın hesablanması doğum çəkisindən deyil, fizioloji çəki itkisindən (yəni ilk 3-5 gündə körpənin itirdiyi çəkidən) olmalıdır.

Əgər körpənin çəkisi həddindən çoxdursa, bu, qətiyyən problem deyil və piylənməyə səbəb olmayacaq, çünki ana südü ilə alınan bütün kilolar körpə aktiv hərəkət etməyə başladıqca, gedir.

Hesablayaraq əldə etdiyiniz nəticə minimal nəticədən azdırsa, o zaman süd artırma tədbirləri görülməlidir.

İlk aylarda körpə yaxşı çəki artırıb, son ayda isə çəki artımı çox az olubsa, o zaman öncə körpənin səhhətində problem olub- olmadığını araşdırmaq lazımdır.

Əgər körpə sağlamdırsa, o zaman çəki cədvəllərinə nəzər salaraq körpənin həmin dövrə uyğun olub-olmadığını yoxlamaq olar.

Mən bir uşaq həkimi kimi bu halda nə edirəm? Qətiyyən dərhal süni qida təyin etmirəm. Öncə anada süd artırma tədbirləri görürük. 2 həftə sonra yenidən artımı yoxlayırıq. Əgər artım yaxşıdırsa, süd çoxalırsa, deməli süni qidaya ehtiyac yoxdur. 99% hallarda ananın südü artır və süni qidaya ehtiyac qalmır.

Əgər körpə son ayda çox az çəki yığıb, lakin öncəki aylarda çəkisi çox olubsa, yenə də süni qida verməyə tələsmək lazım deyil.

Məsələn:

1. Körpə 3500 qram çəki ilə doğulub. Həyatının 3-cü günündə çəkisi 3250 olub, bir ayın tamamında isə 4000 qram. Sahə həkimi deyir ki, cəmi 500 qram artırıb. Xeyr, bu, belə deyil. Körpə 750 qram artırıb. Çünki artım 3500-dən deyil, 3250-dən hesablanmalıdır. Deməli, körpənin çəki artımı 4000-3250=750 qramdır. Bu isə əladır.

2. Körpə 3200 qram çəki ilə doğulub, doğum evindən çıxanda 3000 qram olub. Hazırda 5 ayını tamamlayıb və çəkisi 6500 qramdır. Sahə həkimi deyir ki, körpə doymur və süni qida lazımdır. Gəlin hesablayaq. Köprəmiz doyduğu halda hər ay ən azı 500 qram yığmalıdırsa, o zaman 5 aya ən azı 2500 qram artırmalı idi. 3000+2500=5500. Bizim körpənin çəkisi isə hazırda 6500-dür. Sizcə azdırmı? Təbii ki, deyil. Köprəmiz 2500 deyil, hətta 3500 artırıb. Bu da hər aya 700 qram artım deməkdir. Deməli, körpəmiz doyur.

Məsələnin digər tərəfi, hər ay çəki artımının yoxlanmalıdır. Bu, 1 yaşadək mütləq olmalıdır. Bu səbəbdən hər ay kontrol yoxlamalara gedin və əgər son ayda körpəniz ən azı 500 qram artıbsa, narahatlığa səbəb yoxdur.

Təəsüf ki, körpənin konstitusional xüsusiyyətləri, yəni bədən quruluşundan irsən kimə bənzədiyini nəzərə alınmır. Axı hər uşaq öz nəslinə, öz valideynlərinə bənzəyir. Bu səbəbdən, çəki artımı qabiliyyəti də körpənin nə ilə bəsləndiyindən çox kimə oxşadığından asılıdır…