XƏBƏR

Psixiatrdan: Pandemiya hər kəsi çətin psixoloji vəziyyətə salıb, psixoloji yardım üçün müraciət edənlərin sayı artıb

date 16 Sentyabr 2020

Psixiatrdan: Pandemiya hər kəsi çətin psixoloji vəziyyətə salıb, psixoloji yardım üçün müraciət edənlərin sayı artıb

“COVID-19 pandemiyasının insanların nəinki həyat və sağlamlığı üçün təhlükə yaradıb, hətta hər kəsi olduqca çətin psixoloji vəziyyətə salıb”. e-tibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov deyib.

COVID-19 pandemiyasının insanların psixoloji sağlamlığına təsiri haqqında danışan professor bildirib ki, özünütəcrid rejimi insanların həm gündəlik həyat tərzlərini dəyişib, həm də onların psixoloji qeyri-sabitliyini üzə çıxarıb.

Mütəxəssis, COVID-19 virusunun yaratdığı narahatlıq və qorxunun milyonlarla insanın ruhi sağlamlığına mənfi təsir etdiyini, pandemiya səbəbindən qarşılıqlı sosial əlaqələrin çatışmazlığının insan psixikasına dərin mənfi təsir göstərdiyini vurğulayıb: “Belə vəziyyətdə əsas simptomlar sırasında sayıqlama əlaməti seçilir və hazırda koronaviruslu xəstələrdə də tez-tez müşahidə edilməkdədir”.

F. İsmayılov hazırda rəhbərlik etdiyi mərkəzə psixoloji yardım üçün müraciət edən insanların sayının artmaqda olduğunu və müraciət edən xəstələrdə müxtəlif psixoloji və psixiatrik pozuntular müşahidə olunduğunu söyləyib: “Məsələn, kəskin stress reaksiyası və depressiya sindromlarından əziyyət çəkən xəstələr öz həyatlarını itirməkdən qorxur, özlərini "stres halında" saxlayır”.

Bundan başqa, professor yoluxma qorxusu artdığına görə müraciət edənlərin arasında obsessive - kompulsiv pozuntuların artmasının müşahidə olunduğunu vurğulayıb. O, panik ataklar və generalizə olunmuş təşviş pozuntuları, sosiallaşmanın az olması, ailədaxili münaqişələri, gələcəyin qarşısında qorxuları olan xəstələrdən danışaraq deyib ki, posttravmatik stress pozuntularını yaşayan xəstələrın sayı da az deyil. Onun sözlərinə görə, bu xəstəlikləri ən kəskin şəkildə keçirənlər COVID-19 yoluxmuş insanlar və yaxınlarıdır.

Psixiatr deyib ki, 65 və yuxarı yaş qrupuna aid olarda da depressiya və tənhalıq hissi müşahidə olunub, çünki onlar ciddi karantin rejimində özünü təcrid olunmuş hesab edərək yaxınları ilə görüşə bilməyiblər.

Psixoloji sarsıntı keçirmiş ən böyük qrupun isə həkimlər və tibb personalından ibarət olduğunu bildirən professor səhiyyə işçilərinin streslərə daha az davamlı olduqlarını vurğulayıb.

F. İsmayılov bildirib ki, Psixi Sağlamlıq Mərkəzində əhaliyə bütün pozuntularla bağlı ixtisaslaşmış ambulator müalicə: diaqnostik, psixiatrik, psixoloji və psixososial yardım göstərilir.

Professor onu da bildirib ki, rəhbərlik etdiyi tibb ocağında xüsusi qaynar xətt xidmət göstərir.

“İnam Telefonu” (012 566 50 61, 012 566 39 36) adlandırılan bu xidmət növü insanların həyatlarında çətinliklərə qalib gəlmək üçün ödənişsiz psixoloji yardım alması üçün yaradılıb: “Hər gün bu qaynar xəttə çoxlu sayda zənglər daxil olur və mütəxəssislər tərəfindən qəbul olunur. Müraciət etmiş insanlara psixoloji yardım göstərilir, onlara baş verənlərə başqa prizmadan baxmaq üçün yollar göstərilir və ümumi psixiloji dəstək təqdim olunur”.