BLOQ

Yas prosesinin 5 etapı: Kədər təcrid olunma və xroniki təkliyə səbəb ola bilər

date 16 Noyabr 2020

Yas prosesinin 5 etapı: Kədər təcrid olunma və xroniki təkliyə səbəb ola bilər

Yas itkini müşayiət edən kəskin ağrıdır. Yas yalnız insan itkisi ilə məhdudlaşmır, sevdiyimiz hər şeyi əhatə edə bilər. Münasibətdə olduğumuz, sevdiyimiz birini itirdikdə, günahkarlıq və çaşqınlıq hissi ilə qarşılaşıla bilərik. Xüsusən münasibət çətin olubdursa, bu hisslər daha qabarıq ve ağrıdıcı olacaqdır. Yasın insandan-insana dəyişkən bir gedişatı olduğu üçün, itkidən sonra kədər-acı hissləri üçün müəyyən bir cədvəl, bir müddət yoxdur. Digər tərəfdən, kədər hiss etməmək yasdan tamamilə qaçmaq da mümkün deyil. Əslində kədəri yatırmaq və ya inkar etmək cəhdləri yas prosesinin daha da uzanmasına səbəb olur, eyni zamanda əlavə emosional səylər tələb edir. Eynilə, "daha çox" kədərin daha yaxşı olduğu və ya kədərlənməyin uyğun bir yolunun olduğu barədə yanlış düşüncə də prosesi daha çətinləşdirə bilər.

1969-cu ildə psixiatr Elizabeth Kubler-Ross yazdığı kitabda, yas yaşayan insanların inkar, qəzəb, bazarlıq, depressiya və qəbul etaplarından keçəcəyini bildirib. Ancaq hamı yasın 5 mərhələsini izləyirmi? Bəli, insanların çoxu bu mərhələlərdən keçsə də, bəzilərinin bu mərhələlərdə irəliləməyəcəyi göstərilmişdir. Əksər insanlar yuxarıdakı ardıcıllıqla mərhələləri yaşadıqları və nəticədə bir itkidən sonra qəbullanma etapına gəlib çatdıqları halda, kədərin indi olduqca fərdi və gözlənilməz olduğu anlaşılır.
Bəzi insanlar üçün yas qısa müddətli bir fenomendir, kəskin kədər olaraq da qəbul olunur, təxminən 2 aylıq bir müddətdə azalma və keçmə baş verir. Buna baxmayaraq, ağrı-qəm sonradan gözlənilmədən dönə bilər. Ancaq digər insanlar aylar və ya illər davam edən, mürəkkəb yas kimi bilinən uzunmüddətli kədərlə qarşılaşa bilərlər. 

Çətinləşmiş və ya mürəkkəb yas prosesi nədir? Bu, bir insanın normal fəaliyyəti və məsuliyyətlərini davam etdirmə qabiliyyətini itkidən 6 aylıq bir zaman keçsə də, bərpa edə bilməməsi halıdır.

Altı ay mürəkkəbləşmiş yas prosesinin müayinəsində uyğun nöqtə hesab olunur. Çünki araşdırmalar göstərir ki, insanların əksəriyyəti bu vaxta qədər həyatlarına davam edərək yaslarını tamamlayırlar.

Mürəkkəbləşmiş yasın əlamətləri hansılardır?


1) Ölən şəxs üçün davamlı sıx həsrət
2) Tez-tez yaranan dərin bir tənhalıq hissi
3) Sevilən birinin öldüyü zaman yaşamağın ədalətsiz, mənasız və ya dözülməz olduğu barədə təkrarlanan düşüncələr
4) Mərhuma qovuşmaq üçün, ölmək istəyi.

Ölən şəxs haqqında zehnin çox məşğul olması, şəxsin fəaliyyətlərinə müdaxilə edir və ya işləməsinə mane olur.

Yas və depressiya arasındakı fərq nədir?

Yas əlamətlərinin çoxu depressiya ilə üst-üstə düşür. Yas zamanı, çox vaxt həzz alma qabiliyyətinin itirilməsi, yuxusuzluq, yemək və ya özünə qulluq etmək marağının itirilməsi görülür. Ancaq qəm əlamətləri zaman keçdikcə azalmağa meyllidir, baxmayaraq ki, ildönümlərində və ya digər itkini xatırladan hadisələrdə müvəqqəti olaraq yenidən aktivləşə bilər. "Həyat ədalətsizdir" və ya "Mən bu hisslərdən heç vaxt qurtulmayacam" kimi mənfi düşüncələr normal kədərlənmə prosesinin bir hissəsi olsa da, bu düşüncələrin qarşısını almaq vacibdir.
Yas tutana praktiki yardım göstərmək və itkinin onun üçün əhəmiyyətini başa düşdüyünü hiss etdirmək vacibdir. Bir çox yasda olan insan ətrafdakıların dinləmələrini, suallar vermələrini və xatirələrini onlarla bölüşmələrini istəyir, bununla da hisslərinin dərinliyini ifadə etmə və yaxşılaşma şansı əldə edir.
Kömək və dəstək olmasa, bu cür kədər təcrid olunmağa və xroniki təkliyə səbəb ola bilər.
Yas prosesinin müddəti uzanırsa, mürəkkəb yas prosesinin əlamətləri müşahidə edilirsə, psixiatr-həkimə müraciət edilməlidir.

Azər Bağırov-Psixiatr, Uzman həkim

e-tibb.az